“ABŞ rəsmiləri Azərbaycanın 19 sentyabr antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən qətiyyən məmnun qalmadığı üçün təzyiq kursunu götürüb. ABŞ bir ovuc erməninin mənafeyini bütün Azərbaycanın mənafeyindən üstün tutur. Ermənistanı məğlub durumdan çıxarmaq üçün revanşist qüvvələrə dəstək verməklə məşğuldur. Bu, olduqca təhlükəli yoldur”.
Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev ABŞ-ın Azərbaycana qarşı hədə, təzyiq dili ilə danışmasına münasibət bildirərkən deyib.
A.Quliyev qeyd edib ki, Qərb, Avropa, xüsusilə də Fransa və ABŞ Ermənistan təəssübkeşliyini əsas götürərək Azərbaycana qarşı siyasəti kəskinləşdirirlər. Ekspert ABŞ rəsmilərinin bugünkü açıqlamalarına diqqət çəkərək, bir neçə nüansa toxunub. Onun fikrincə, həmin çıxışlardan görünür ki, ABŞ 907-ci düzəlişin icrasını döndurmaq fikrində deyil. Dövlət Departamenti sədrinin köməkçisi Braynın açıqlamaları da göstərir ki, ABŞ Azərbaycana qarşı məhz Ermənistanın mənafeləri baxımından təzyiq dili ilə danışmağa başlayır.
Ekspert ABŞ-ın təzyiq siyasətində iki əsas istiqamətə diqqət çəkib:
“Birinci, elə görüntü yaradılır ki, sanki Ermənistan-Azərbaycan arasındakı sülh prosesinin hazırki durğunluğunun səbəbkarı Azərbaycandır. ABŞ, bu prosesi ölü nöqtədən qaldırmaq üçün Ermənistana təzyiq göstərməkdənsə, Azərbaycana təzyiq edir. Bu, sülh prosesinin normallaşmasının məsuliyyətini Ermənistanın üzərindən çıxarıb, Azərbaycana yönəltmək cəhdidir.
İkincisi, ABŞ Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya gedən iqtisadi marşrutlarda Azərbaycanın səyləri ilə yaradılmış üstünlükləri görmür. Əksinə, məhz Ermənistanın da üzərindən keçməklə Avropaya bir dəhliz açılmasını labüd hesab edir. Açıq-aşkar görünür ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərinə dəstək yoxdur. Üstəlik, İran üzərindən keçməklə Azərbaycanın Qərbi ilə Naxçıvanı birləşdirən bu dəhlizə qarşı aqressiya nümayiş etdirilir. Halbuki, bu dəhliz sırf Azərbaycanla Naxçıvanın ehtiyacları üçündür. Ermənistana təzyiq edib onu Zəngəzur dəhlizini açmağa məcbur etmək əvəzinə, Azərbaycana qarşı təzyiq göstərilir”.
A.Quliyev hesab edir ki, bütün bunlar təsadüfi deyil. Qərbdən gələn bu təzyiqlər Azərbaycanın bölgədə başladığı sülh prosesini gecikdirmək, Ermənistanın sülh sazişini imzalamasının qarşısını almaq, bölgədə münaqişə ocağını saxlayıb, bu bəhanə ilə regiona daxil olmaq məqsədləri güdür.
“Azərbaycan düz 30 il Qərbə bu şansı verdi. Onlar bu şansı münaqişənin həll olunmamasına yönəltdiklərinə görə prosesdən kənarda qaldılar. İndi də sülh, təhlükəsizlik layihələrinə üstünlük vermək əvəzinə, dağıdıcı və aqressiv layihələrə dəstək verməyə başlayıblar. Elə Rusiya sülhməramlılarının bölgədən çıxarılması və o missiyaya beynəlxalq alernativlərin təklif olunması da məhz Qərbin dağıdıcı yol tutduğunu deməyə əsas verir”.